Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidləri Əhmədxan Əhmədov, Vidadi İsrafilov və Həsən Abdullayev şəhadətlərinin altıncı ildönümü günündə anılıblar

12 noyabr 2026 | 14:24
 
Noyabrın 12-də Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış əsgər Əhmədov Əhmədxan Məzahir oğlunun, əsgər İsrafilov Vidadi Vaqif oğlunun və əsgər Abdullayev Həsən Qərib oğlunun şəhadətlərinin altıncı ildönümü münasibətilə anım mərasimləri keçirilib. Anım mərasimləri Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən qəbiristanlıqda və Gəncə Şəhidlər xiyabanında təşkil olunub. Mərasimlərdə şəhidlərin ailə üzvləri, Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət təmsilçiləri, şəhid ailələrinin yaxınları və digər şəxslər iştirak ediblər.
 
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə tər güllər düzülüb, dualar oxunub. 
 
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara səbir və dözüm arzulayıb. Vətən torpaqlarının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib.
 
Çıxış edən digər iştirakçılar da şəhidlərin keçdikləri şərəfli döyüş yolundan, Vətənə bağlılıqlarından, mərdlik və fədakarlıqlarından bəhs edərək xatirələrini bölüşüblər. 
 
Şəhidlərin valideynləri övladlarının xatirəsinə göstərilən yüksək ehtirama, şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşılmasına, problemlərinin həlli istiqamətində görülən işlərə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər