Daşkəsənli Vətən müharibəsi şəhidi Sərxan Məmmədovun şəhadətinin beşinci ildönümü qeyd olunub
Noyabrın 4-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğlunun anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarına gül dəstələri düzülüb, xatirəsi anılıb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi sayəsində rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə ilə xalqımızın sarsılmaz iradəsini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Müqəddəs torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası naminə canından keçən igid şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Digər çıxış edənlər isə Sərxan Məmmədovun mənalı həyatından, keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi igidlik nümunələrindən söz açıblar.
Şəhidin valideynləri onlara hər zaman göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsi uca tutulduğuna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Qeyd edək ki, Məmmədov Sərxan Sahil oğlu 2001-ci mayın 9-da Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Sərxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Məmmədov 2020-ci il noyabrın 4-də Xocavənd döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb, şəxsi igidlik və şücaət göstərib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.






