Daşkəsənli Vətən müharibəsi şəhidi Sərxan Məmmədovun şəhadətinin altıncı ildönümü qeyd olunub
Noyabrın 4-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğlunun anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarına gül dəstələri düzülüb, xatirəsi anılıb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib. Rayon rəhbəri çıxışında qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri yüksək diqqət və qayğı, onların sosial rifahının yaxşılaşdırılması, şəhidlərin əziz xatirəsinin daim uca tutulması istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin şəhidlərimizə və onların ailələrinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Şəhidin valideynləri onlara hər zaman göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsi uca tutulduğuna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.






