Daşkəsənli Vətən müharibəsi şəhidi Mübariz İbrahimovun şəhadətinin beşinci ildönümü qeyd olunub
Noyabrın 11-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər İbrahimov Mübariz Telman oğlunun anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin yaxınları, şəhid ailələri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarətə gələnlər şəhidin məzarı üzərinə gül dəstələri düzüblər və dualar oxunub.
İcra başçısı Orxan Abbasov çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəman adaşı şəhid Mübariz İbrahimovun ailəsinə başsağlığı verib və "Adaşım Mübariz İbrahimov ölməyib, o sağdır, çünki mən varam", - deyərək verilən əmrləri qəhrəmanlıqla yerinə yetirən, Vətən müharibəsində şəxsi şücaət, rəşadət və igidlik göstərən 3-cü dərəcəli “Rəşadət” ordenli Mübariz İbrahimovun şərəfli həyatından və keçdiyi döyüş yolundan söz açıb.
Digər çıxış edənlər Mübariz İbrahimovla bağlı xatirələrini bölüşüblər və ailəsinə səbir diləyiblər.
Şəhidin valideynləri onlara hər zaman göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, İbrahimov Mübariz Telman oğlu 1990-cı il yanvarın 14-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq çalışıb. Mübariz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak edib. Cəbrayılın, Füzulinin, Qubadlının, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, şəxsi şücaət, rəşadət və igidlik göstərib. Mübariz İbrahimov 2020-ci il noyabrın 8-də Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin tankını vurması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin sərəncamları ilə Mübariz İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları və 3 dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Subay idi.






