Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidi Möhlət Abbasovun şəhadətinin beşinci ildönümü qeyd olunub

09 noyabr 2025 | 12:42

Noyabrın 9-da Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər Abbasov Möhlət Eldəniz oğlunun şəhadətinin beşinci ildönümü münasibətilə keçirilən mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, şəhid valideynləri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətə gələnlər şəhidin məzarı üzərinə tər gül dəstələri düzüblər, xatirəsinə ehtiram bildiriblər.

İcra başçısı Orxan Abbasov şəhidin ailəsinə başsağlığı verib, səbir diləyib. Qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən Daşkəsən rayonunda da şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına yüksək səviyyədə diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. .

Digər çıxış edənlər Möhlət Abbasovla bağlı xatirələrini bölüşüblər, şəhid adının ucalığından, qəhrəmanlarımızın şanlı döyüş yolundan və şücaətindən söhbət açıblar.

Şəhidin anası Qönçə Cəfərova ailəsinə hər zaman göstərilən həssas münasibətə, övladının xatirəsinin yaşadılmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. 

Xatırladaq ki, Abbasov Möhlət Eldəniz oğlu 2001-ci il mart 19-da Daşkəsən rayonunda anadan olub. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətinin bitməsinə 3 gün qalmış – 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayıb.  Möhlət Abbasov Füzuli, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, şəxsi igidlik və şücaət göstərib. Möhlət Abbasov 2020-ci noyabrın 7-də Şuşanın Daşaltı istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb, 2020-ci il noyabrın 9-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Möhlət Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.

Keçidlər