Daşkəsəndə yerli sahibkarlarla görüş keçirilib
“AzerGold” QSC Daşkəsən rayonunda sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərlə görüş təşkil edib. Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, “AzerGold” QSC-nin Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsinin müdiri Əminağa Dadaşov, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov, Daşkəsən KOB dostu Orxan Abbasov və digər aidiyyəti şəxslər iştirak ediblər.
Tədbir “AzerGold” QSC-nin milli qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təşkil etdiyi satınalma müsabiqələrinə yerli sahibkarların iştirakının təşviq edilməsi məqsədi daşıyıb.
Sahibkarlara QSC-nin tətbiq etdiyi “Satınalma qaydaları”, müsabiqələrə müraciət forması, iştirak proseduru ətraflı izah edilib. Həmçinin satınalmalarda planlaşdırma, ixtisas uyğunluğu göstəriciləri, müqavilənin icrası, satınalma sənədləri, təkliflərin təqdim edilməsi və qiymətləndirilməsi, nəticələrin öyrənilməsi və prosesə nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli və ardıcıl tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və vergi güzəştlərinin tətbiqi sahibkarlar üçün geniş imkanlar yaratmışdır. Bu imkanlardan maksimum yararlanmaq, regionlarda məşğulluğun, iqtisadi aktivliyin artırılması, bölgənin iqtisadi rifahına davamlı töhfələrin verilməsi üçün mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin satınalma proseslərində daim fəal iştirak etməsi vacibdir.
Sonda fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici materiallar paylanıb.