Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə yaz əkini uğurla davam edir

08 aprel 2025 | 10:21

Qış mövsümünün sona çatması ilə kənd təsərrüfatı ilə məşğul olan fermerlər və kənd sakinləri sahələrdə fəal əkin işlərinə başlayıblar. Hazırda rayonun əkinə yararlı torpaq sahələrində genişmiqyaslı əkin tədbirləri görülür.

Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari mövsümdə əsas diqqət taxıl, kartof və tərəvəz bitkilərinin əkini üzərində cəmlənib. Belə ki, 20 hektara yaxın sahədə taxıl, 450 hektara yaxın sahədə kartof, 30 hektara yaxın sahədə lobya, 35 hektara yaxın sahədə kələm və 20 hektara yaxın sahədə tərəvəz bitkilərinin əkilməsi nəzərdə tutulub. Qeyd edək ki, yazlıq taxıl əkinlərinin səpini prosesi davam etdirilməklə bu günə qədər 16 hektar sahədə yazlıq arpa, 3,5 hektar sahədə yazlıq buğda səpini yekunlaşdırılıb.

Daşkəsənin relyefinə və iqlim şəraitinə uyğun olaraq əkinlər dəmyə üsulla yetişdirilir. Eyni zamanda optimal əkin müddətinə riayət edilərək, torpağın hazırlanması, gübrələmə və digər işlər ardıcıl şəkildə həyata keçirilir. Rayonun bəzi təsərrüfatlarında texnika ilə şumlama və toxum səpmə paralel aparılır. İstehsal olunan məhsulların daxili bazarlarda satışı planlaşdırılır.

Rayonun fermer və kənd sakinləri yaz əkini mövsümünün məhsuldar keçəcəyinə ümidlidir. Onların sözlərinə görə, bu il torpaq rütubətli və iqlim şəraiti əkin üçün daha əlverişlidir.

Xatırladaq ki, Daşkəsən rayonunda 2024-cü il üçün ümumilikdə 689 hektar sahədə əkin işləri aparılıb. Bundan 167 hektarda payızlıq buğda, 3 hektarda payızlıq arpa, 16,3 hektarda yazlıq arpa, 25 hektarda lobya, 27,5 hektarda kələm, 432 hektarda kartof, 18,5 hektarda digər tərəvəz bitkiləri əkilib. Buğda bitkisindən 417,5 ton, arpa bitkisindən 32,5 ton, lobya bitkisindən 6,2 ton, kələm bitkisindən 440 ton, kartof bitkisindən 4320 ton, tərəvəz bitkisindən isə 2,5 ton məhsul əldə olunub.

Keçidlər