Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə yaz əkin işlərinə hazırlıqla bağlı kənd sakinləri və fermerlərlə görüş keçirilib

18 fevral 2025 | 16:32

Fevralın 18-də Daşkəsən rayonunun Quşçu kəndində yaz əkin işlərinə hazırlıqla bağlı kənd sakinləri və fermerlərlə keçirilən görüşdə Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məsul əməkdaşları Ayaz Allahyarov, Elmin Paşayev, Daşkəsən Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin baş aqronomu Sadıq Muxtarov, Daşkəsən KOB dostu Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən Rayon Xidmət Şöbəsinin böyük mütəxəssisi Elvin Verdiyev və aidiyyəti şəxslər iştirak ediblər.

Maarifləndirmə məqsədi daşıyan görüşdə diqqətə çatdırılıb ki, Daşkəsən rayonu əsasən dağ-mədən sənayesi ilə tanınsa da, rayonun iqtisadiyyatında kənd təsərrüfatı da mühüm rol oynayır. Rayonun coğrafi mövqeyi və iqlim şəraiti bəzi kənd təsərrüfatı sahələrinin inkişafı üçün əlverişlidir. Ərazidə ən çox yayılmış kənd təsərrüfatı sahələrindən biri bitkiçilikdir. Rayonun iqlimi və torpaq xüsusiyyətləri burada kartofçuluğun, taxılçılıq, bağçılıq və tərəvəzçiliyin inkişafına potensial imkan verir.

Qeyd olunub ki, yaz əkin işlərinə hazırlıq uğurlu məhsuldarlığın əsasını təşkil edir. Çünki yaz əkin mövsümü kənd təsərrüfatında ən vacib dövrlərdən biridir. Məhsuldarlığın yüksək olması üçün əkin işlərinə əvvəlcədən hazırlıq aparmaq lazımdır. Bu prosesə torpağın əkinə hazırlanması, toxum və gübrə seçimi, suvarmanın təşkili və zərərvericilərə qarşı tədbirlər daxildir.

Torpağın əkinə düzgün hazırlanması məhsulun inkişafı üçün əsas şərtlərdəndir. Payızdan şumlanmış sahələr baharda yenidən şumlanmalı və malalanmalıdır. Torpaq analiz olunmalı və çatışmayan mineral maddələr gübrələrlə təmin edilməlidir. Eroziyaya meyilli ərazilərdə xüsusi tədbirlər görülməlidir (məsələn, zolaqlı əkin üsulu).

Yüksək məhsuldarlıq üçün düzgün toxum seçimi vacibdir. İqlim və torpaq şəraitinə uyğun sortlar seçilməlidir. Toxumlar səpindən əvvəl xəstəliklərə və zərərvericilərə qaşı dərmanlanmalıdır. Səpin norması və dərinliyi hər bitki növü üçün xüsusi olaraq hesablanmalıdır.

Gübrələr bitkilərin sağlam inkişafında mühüm rol oynayır. Azot, fosfor və kalium balanslı şəkildə tətbiq olunmalıdır. Üzvi gübrələr (peyin, kompost) torpağın münbitliyini artırır. Mikroelementlərə ehtiyac olan torpaqlarda əlavə gübrələmə aparılmalıdır.

Suvarma məhsuldarlığı artıran əsas amillərdəndir. Damcı suvarma və ya yağış suvarma sistemlərindən istifadə olunmalıdır. Torpağın nəmlik səviyyəsi mütəmadi yoxlanmalı və suvarma vaxtı, bitkinin inkişaf mərhələsinə uyğun tənzimlənməlidir.

Bitkilərin sağlam böyüməsi üçün profilaktik tədbirlər görülməlidir. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə çərçivəsində aqrotexniki tədbirlər (məsələn, şumlama və bitki rotasiyası) tətbiq olunmalıdır. Bioloji və kimyəvi preparatlardan balanslı şəkildə istifadə edilməlidir. Ətraf mühitə zərər verməyən mübarizə üsulları seçilməlidir.

Daşkəsən rayonunda kənd təsərrüfatının inkişafı üçün müasir suvarma sistemlərinin tətbiqi, texniki dəstək və subsidiya proqramlarının genişləndirilməsi, yeni, məhsuldar və iqlimə uyğun toxum sortlarının istifadəsi, kiçik və orta fermer təsərrüfatlarının dəstəklənməsi, məhsul istehsalı və satışı üçün fermerlərin birgə çalışa biləcəyi kooperativlərin qurulması, düzgün strategiyalar və ən əsası davamlı dövlət dəstəyi bitkiçiliyi rayon iqtisadiyyatında mühüm sahəyə çevirəcəkdir.  

Görüşdə çıxış edən kənd sakinləri və fermerlər onları narahat edən məsələlərə toxunublar, görülən işlər barədə fikirlərini bölüşərək, müraciət və təkliflərini səsləndiriblər. Onların müraciət və təklifləri cavablandırılması üçün aidiyyəti üzrə qeydə alınıb. 

Keçidlər