Daşkəsəndə “Yarımçıq təhsil, erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövsunda maarifləndirici görüş təşkil olunub
Aprelin 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən qəsəbə tam orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri ilə maarifləndirmə aparılıb. Tədbirdə Daşkəsən RİH-nin məsul şəxsləri Elmar Əliyev, Elxan Hüseynzadə və Rəşad Qurbanov, Daşkəsən Rayon Polis Şöbəsinin inspektoru Samin Qurbanov, Daşkəsən rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin əməkdaşı Ruhiyyə Abdullayeva, məktəbin direktoru Sənan Allahverdiyev və valideynlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, müstəqillik dövründə ölkəmizdə ailə dəyərlərinin möhkəmləndirilməsi və ailə institutunun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızda ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olaraq ailənin müdafiəsinə, onun sosial quruluşunun və nüfuzunun qorunmasına təminat verilmişdir. 1999-cu ildə qəbul olunmuş Ailə Məcəlləsində isə ailə münasibətlərinin normal hüquqi əsaslar üzərində qurulması və davam etdirilməsi üçün hərtərəfli hüquqi baza yaradılmışdır. Ümummilli Liderin əsasını qoyduğu dövlət ailə siyasəti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək ailə institutunun möhkəmləndirilməsi, onun sosial rifahının yaxşılaşdırılması, ailə üzvlərinin hüquqlarının müdafiəsi ilə bağlı mühüm dövlət proqramları həyata keçilir. Nikah yaşının tənzimlənməsi və nikaha məcbur etmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, nikahdan əvvəl tərəflərin tibbi müayinədən keçməsinin məcburi olması, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən məqsədyönlü tədbirlər ailə institutunun möhkəmləndirilməsinə xidmət edir. Bu sahədə gənclər arasında mütəmadi maarifləndirmə işinin aparılması da xüsusi vurğulanmalıdır.
Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah, yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlarıdır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir. Erkən nikahlar fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına mənfi təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan faktordur. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bəzən də valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir. Erkən nikahlar uşaqların uşaqlığını əlindən almaqla onların inkişafında travmalara gətirib çıxarır. Nəticədə sosial cəhətdən həssas qrupların sayı artır. Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanları məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və qeyri-müəyyən gələcək deməkdir.
Statistikaya görə, ölkəmizdə bağlanan hər 100 nikahdan 20-si qohum nikahdır. Bu, dünya miqyasında yüksək göstəricilərdən sayılır. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Onu da qeyd edək ki, ölkəmizdə əlillərin və fiziki qüsurluların 3-də 1-i məhz qohum nikahlarından doğulanlardır. Qohum nikahlar doğulan körpələr üçün böyük təhlükə deməkdir. Genetikada olan xəstəliklərin uşağa ötürülməsi ehtimalının yüksək olduğu bu evlilikdə doğuş təhlükəsi normal evliliklərlə müqayisədə iki dəfə yüksəkdir. Məlumdur ki, hər bir insanda 23 cüt xromosom var. 50 faiz xromosom dəsti atadan, 50 faiz xromosom dəsti anadan alınmış olur. Qohum nikahlarda hər ikisi eyni kökdən olduğu üçün qüsurlu genlərin birləşmə ehtimalı daha yüksəkdir. Hər iki daşıyıcı valideyndən qüsurlu genlər birləşəndə körpə dünyaya qüsurlu gəlir. Qohum nikahlarda ən çox rast gəlinən xəstəliklərə talassemiya, hemofiliya, dayaq-hərəkət sistemi pozğunluğu, nevroloji problemlər, əqli gerilik və s. aiddir. Qohum nikahların ən çox verdiyi fəsadlardan biri də sonsuzluqdur. Həmçinin eyni genləri daşıyan insanlarda yarımçıq hamiləliklər, erkən doğuşlar da baş verir ki, bu da uşağın sağlam dünyaya gəlməsinə mənfi təsir göstərir. Qohum nikahları nəticəsində yaranan uşaq xəstəliklərinin əksəriyyətinin müalicəsi mümkün olmur. Bir sıra müalicə metodları olsa da, lakin xəstəlikdən tamamilə xilas olmaq mümkün deyil. Ona görə də, valideynlər uzun illər maddi, fiziki və mənəvi problemlərlə üzləşirlər. 23 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək yaxın qohum - əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiq olunmuşdur. Qanuna edilmiş dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Görüşdə o da diqqətə çatdırılıb ki, erkən və qohumlar arasında nikahla mübarizə aparmalıyıq. Belə hallarla qarşılaşan zaman isə aidiyyəti üzrə məlumat verilməlidir. Xüsusilə valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar.
Sonda mövzuya dair müzakirə aparılıb, suallar cavablandırılıb.