Daşkəsəndə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi ilə bağlı görülən işlər müzakirə olunub
Fevralın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri əməkdaşlarının iştirakı ilə təlim-görüş keçirilib. Tədbirdə RİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – sektor müdiri Orxan Həsənov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Təlimin məqsədi Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 23 sentyabr 2020-ci il tarixli 1160 nömrəli Fərmanın 8-ci bəndinin icrası vəziyyətini müzakirə etmək olub. Qeyd olunan bəndə əsasən, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən doğum və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsi, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulur.
Müzakirə şəraitində keçirilən təlimdə vətəndaşlıq vəziyyəti aktlarının, o cümlədən doğumun, nikahın və ölümün dövlət qeydiyyatı ilə bağlı məlumatların müvafiq informasiya sistemlərinə ötürülmə qaydası bir daha əyani şəkildə izah olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






