Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidi Tacəddin Abbasovun şəhadətinin beşinci ildönümü qeyd olunub

26 oktyabr 2025 | 13:33

Oktyabrın 26-da Vətən müharibəsi şəhidi əsgər Abbasov Tacəddin Vüqar oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.

İcra başçısı Orxan Abbasov şəhid Tacəddin Abbasovun ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, şəhidin şərəfli həyatından və döyüş yolundan söz açıb. 44 günlük haqq savaşında tarixi Zəfəri bizlərə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi Tacəddin Abbasovun da Azərbaycan xalqının, daşkəsənlilərin qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını deyib. “Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə və qazilərimizə daim diqqət və qayğı göstərirlər. Bu qayğı hər birimiz üçün nümunədir”, – deyən rayon rəhbəri Daşkəsəndə ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə göstərilən qayğının bundan sonra da yüksək həssaslıqla davam etdiriləcəyini diqqətə çatdırıb.  

Şəhidin anası Həmidə Abbasova ailəsinə göstərilən diqqət və qayğıya, dövlətin şəhid ailələrinə yaratdığı hər cür lazımi şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Abbasov Tacəddin Vüqar oğlu 2001-ci il dekabrın 10-da Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Abbasov 2020-ci il oktyabrın 26-da Füzuli döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə yüksəlib, şəxsi igidlik və şücaət göstərib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Tacəddin Abbasov ölümündən sonra  "Vətən uğrunda",  "Xocavəndin azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə",  "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Keçidlər