Daşkəsəndə uşaqlara “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda məşğələ təşkil olunub
Dekabrın 24-də Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin şagirdləri üçün təşkil olunan “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” adlı maarifləndirici məşğələdə Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanının məsul katibi Elxan Hüseynzadə, Daşkəsən Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Eşqin Əliyev və məktəbin müəllimləri iştirak ediblər.
Tədbirin məqsədi uşaqlara yol hərəkəti qaydalarını kiçik yaşlardan öyrətmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır.
Əvvəlcə şagirdlərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqları yoxlanılıb, sonra yol hərəkəti qaydaları və nişanları barədə onlara geniş məlumat verilib. O cümlədən piyada keçidindən keçmə qaydası şagirdlərə əyani izah edilib.
Mütəxəssislərin sözlərinə görə, yol hərəkəti qaydaları və təhlükəsiz həyat üçün düzgün davranış vərdişləri erkən yaşlardan formalaşdırılmalıdır. Bu vərdişlərin uşaq və yeniyetmələrə aşılanmasında müəllimlər qədər, valideynlər də vacib rol oynayırlar. Elə isə əziz valideynlər, uşaqlarınızı küçədə ayıq və diqqətli olmağa öyrədin. Onlara küçələrdə səki ilə getməyi, səkinin isə sağ tərəfi ilə hərəkət etməyi, küçəni keçərkən tələsməməyi söyləyin. Yolu yalnız xüsusi ayrılmış yerlərdən - "zebra"dan keçməyi öyrədin. Keçiddə işıqfor varsa, "yaşıl - get, qırmızı - dayan" keçmə qaydalarına əməl etmələrini bildirin.
Daşkəsəndə yol hərəkəti qaydalarının təbliğinə dair maarifləndirici tədbirlər davam etdiriləcəkdir.