Daşkəsəndə Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüş keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Uşaq Səfirlər Məclisinin Daşkəsən rayon üzvləri ilə maarifləndirici və interaktiv görüş təşkil edilib. Tədbirin məqsədi uşaqların hüquqlarının müdafiəsi, onların sosial fəallığının artırılması və qərarvermə proseslərinə cəlb olunması məsələlərinin müzakirəsi olub.
Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov uşaqlara tövsiyələrini çatdırıb, sürətlə dəyişən dünyada yeni tendesiyalarla ayaqlaşmaq üçün dayanmadan inkişaf etməyin, sağlam düşüncə ilə irəliyə doğru addımlamağın vacibliyini qeyd edib.
Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndələri Nərmin Babayeva və Mədinə Eylazova çıxışlarında təhsil, sağlamlıq, ətraf mühitin qorunması, təhlükəsiz internetdən istifadə kimi məsələlərdən bəhs ediblər. Məktəblərdə daha fəal uşaq təşkilatlarının yaradılması, psixoloji dəstəyin gücləndirilməsi və uşaq iştirakçılığının genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndiriblər.
Görüşdə həmçinin Konstitusiyamızın, dövlət suverenliyi və milli dəyərlərimizin uşaqlara aşılanması barədə müzakirələr aparılıb. Bildirilib ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusilə gənc nəslin hüquqi maarifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sonda Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəliyinin gələcək fəaliyyəti üçün bir sıra yeni plan və təşəbbüslər müəyyən olunub.






