Daşkəsəndə “Uşaq nikahlarının qarşısının alınması” mövzusu müzakirə edilib
Fevralın 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Polis Şöbəsi, Daşkəsən rayon üzrə Təhsil sektoru və Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxslə birgə Aşağı Daşkəsən kənd G.İsmayılov adına tam orta ümumtəhsil məktəbində “Uşaq nikahlarının qarşısının alınması” mövzusunda tədbir keçirib.
Müəllim-şagird kollektivinin iştirak etdiyi tədbirin məqsədi erkən yaşda evliliyin fəsadları haqqında məlumatlandırmaq, bu problemin qarşısının alınmasına dair cəmiyyətdə aktivliyi artırmaq olub.
Çıxışlarda uşaq nikahlarının ciddi sosial problem olması bildirilib. Qeyd olunub ki, uşaq nikahları əsasən qız uşaqlarına təsir edir, onların fiziki, emosional, əqli və sosial inkişafına mənfi təsir göstərir. Uşaq yaşda hamilə qalmaq həm ananın, həm də körpənin sağlamlığına ciddi ziyan vurur. Ana ölümünün və doğuş zamanı baş verən fəsadların riskini artırır. Habelə erkən nikahlar qızların təhsilini dayandırmasına səbəb olur, onların gələcəkdəki həyatlarını məhdudlaşdırır və iş bazarında rəqabət qabiliyyətini azaldır. Müşahidlər təsdiqləyir ki, erkən yaşda evlənən qızlar çox vaxt fiziki və psixoloji xarakterli məişət zorakılığına məruz qalırlar.
Uşaq nikahının hüquqazidd əməl kimi Azərbaycan Respublikasının qanunvericiliyində necə əks olunması haqqında da ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında diskusiya aparılıb, suallar cavablandırılıb.