Daşkəsəndə “Ümummilli Lider Heydər Əliyevin memarlıq irsi” mövzusunda dəyirmi masa keçirilib
Aprelin 9-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin memarlıq irsi” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin ölkəmizdə milli memarlıq ənənələrinin qorunmasında, şəhərsalma siyasətinin formalaşdırılmasında və müasir urbanizasiya proseslərinin əsaslı şəkildə inkişaf etdirilməsində misilsiz xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma siyasətində sistemli islahatlara başlanılmış, şəhərlərin baş planlarının hazırlanması və yenilənməsi istiqamətində mühüm addımlar atılmışdır. Tarixi-memarlıq abidələrinin qorunması, milli memarlıq üslubunun inkişaf etdirilməsi və müasir tikinti mədəniyyətinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.
Qeyd olunub ki, bu gün də Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsidir.
Tədbir iştirakçıları vurğulayıblar ki, dövlət başçısının “Şəhərsalma və Memarlıq ili” ilə bağlı vermiş olduğu Sərəncam Azərbaycanın gələcək onilliklər üçün müasirləşmə strategiyasının formalaşdırılmasına, şəhərlərin daha dayanıqlı, təhlükəsiz və estetik baxımdan zəngin mühitə çevrilməsinə güclü təkan verəcəkdir. Bu isə güclü dövlət, rifahlı cəmiyyət və müasir Azərbaycan naminə atılmış növbəti mühüm addımdır.






