Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənclər arasında bilik yarışı keçirilib
Mayın 2-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə rayon gəncləri arasında intellektual yarış təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Çıxışlarda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mənalı həyatı, çoxşaxəli fəaliyyəti və zəngin siyasi irsi barədə gənclərə məlumat verilib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu möhtəşəm siyasi kurs hazırda Prezident cənab İlham Əliyev tərəfindən bütün sahələr üzrə uğurla davam etdirilir. Həmçinin “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti qeyd olunub.
“Kahoot” platforması vasitəsilə ilə keçirilən yarışda hər birində 4 nəfər olmaqla, 6 komanda birincilik uğrunda mübarizə aparıb. “Zəfər yolu” komandası birinci, “Bayan” komandası ikinci, “Şəhid Anar Mürsəlov” komandası üçüncü yerə layiq görülüb.
Qalib komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunub.