Daşkəsəndə “Ümumdünya Məskunlaşma Günü” qeyd olunub
Oktyabrın 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümumdünya Məskunlaşma Günü” ilə əlaqədar tədbir keçirilib.
Qeyd edək ki, “Ümumdünya Məskunlaşma Günü” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi qərara əsasən təsis edilib və hər il oktyabr ayının ilk bazar ertəsi qeyd olunur. Bu əlamətdar gün insanların təhlükəsiz, sağlam və əlverişli yaşayış mühiti ilə təmin olunması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təşviqi, eləcə də müasir şəhərsalma və məskunlaşma siyasətinə ictimaiyyətin diqqətinin artırılması məqsədi daşıyır.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda “Ümumdünya Məskunlaşma Günü”nün əhəmiyyətindən, müasir və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasının vacibliyindən, şəhərsalma və memarlıq, həmçinin fövqəladə halların qarşısının alınması, təhlükəsizlik qaydalarına əməl olunması və əhalinin bu istiqamətdə ictimai maarifləndirilməsinin əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, şəhərsalma və məskunlaşma proseslərinin düzgün təşkili, yaşayış məntəqələrinin dayanıqlı inkişafı və əhalinin təhlükəsizliyinin təmin edilməsi hər zaman prioritetlərdəndir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.






