Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib
Mayın 6-da Ombudsmanın Qərb Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayon Mədəniyyət Mərkəzi ilə birgə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda fəal gənclərin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Daşkəsən rayonu üzrə mədənyyət müəssisələri işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hüquqi-maarifləndici tədbir təşkil edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbir iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından salamlayan RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri Ruslan Məmmədəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində misilsiz tarixi xidmətlər göstərmişdir. Ulu Öndərin rəhbərliyi dövründə qəbul olunan qanunvericilik aktları və həyata keçirilən islahatlar müasir Azərbaycanın hüquqi əsaslarını təşkil edir.
Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov məruzəsində diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və demokratik institutların inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Eyni zamanda, insan hüquq və azadlıqlarının etibarlı qorunması, vətəndaşların hüquqi maarifləndirilməsi və cəmiyyətdə hüquq mədəniyyətinin yüksəldilməsi dövlət siyasətində xüsusi əhəmiyyət daşıyır.
Tədbir mövzu ətrafında aparılan müzakirələr və sualların cavablandırılması ilə yekunlaşıb.






