Daşkəsəndə “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda tədbir təşkil olunub
Daşkəsən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin və Daşkəsən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhəri S.Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda məktəblilərlə görüş keçirilib.
Tədbirin məqsədi şagirdlər arasında təhsilin əhəmiyyətinin təbliği, təhsildən yayınmanın yaratdığı mənəvi və sosial problemlər barədə məlumatlandırmanın artırılması olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elmar Əliyev çıxışında diqqətə çatdırıb ki, təhsil hər bir insanın dünyagörüşünün formalaşmasında, bilik və bacarıqlarının inkişafında, eləcə də cəmiyyətə faydalı vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Təhsildən yayınma isə fərdin gələcək həyatına mənfi təsir göstərməklə yanaşı, bütövlükdə cəmiyyətin sosial inkişafına da maneə yaradan amillərdən hesab olunur. Təhsil alan gənclər milli-mənəvi dəyərləri, vətəndaşlıq məsuliyyətini və cəmiyyət qarşısında öhdəliklərini daha yaxşı dərk edirlər. Təhsildən kənarda qalan şəxslər isə bu imkanlardan məhrum olur və onların sosial mühitə uyğunlaşması çətinləşə bilər. Bundan əlavə, təhsildən yayınmanın sosial nəticələri də ciddi problemlər yaradır. Təhsil almayan şəxslərin əmək bazarında rəqabət qabiliyyəti aşağı olur, onların iş imkanları məhdudlaşır və sosial rifah səviyyəsi zəifləyir. Bu isə cəmiyyətdə sosial bərabərsizliyin artmasına, müxtəlif sosial problemlərin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan gənclərin təhsilə cəlb olunması, məktəbdən yayınma hallarının qarşısının alınması və şagirdlər arasında maarifləndirmə işi mühüm əhəmiyyət kəsb edir. Valideynlər, müəllimlər və aidiyyəti qurumlar birgə fəaliyyət göstərərək gənclərin təhsilə marağını artırmalı, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmalıdırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev isə çıxışında sağlam mənəvi dəyərlərin formalaşmasında təhsilin rolundan bəhs edib, gənclərin bilikli, dünyagörüşlü və milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, gənclərin təhsilə cəlb olunması, onların bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi formalaşması cəmiyyətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






