Daşkəsəndə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Sentyabrın 2-də Daşkəsən rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin ənənəvi sentyabr konfransı öz işinə başlayıb.
Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri, müəllimlər və şəhid ailəsi üzvləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsinə ehtiram bildirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri deyib ki, Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alır və bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, həmçinin Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, şagirdlər üçün müasir təhsil şəraitinin yaradılması istiqamətində mühüm layihələr icra olunmuşdur. Dövlətimizin təhsilə göstərdiyi yüksək diqqət və qayğı Daşkəsəndə də özünü aydın şəkildə göstərir. Qarşıda duran əsas məqsəd isə bu nailiyyətləri inkişaf etdirərək Daşkəsən rayonunda təhsilin keyfiyyət göstəricilərini daha da yüksəltməkdir.
Sonra Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli 2025–2026-cı tədris ilində sektor üzrə görülmüş işlər, əldə olunan nəticələr və təhsil müəssisələrinin fəaliyyəti barədə hesabat məruzəsini diqqətə çatdırıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov isə çıxışında yeni tədris ilində qarşıda duran əsas vəzifələrdən danışıb, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və şagird nailiyyətlərinin artırılması sahəsində görüləcək işlərə dair fikirlərini bölüşüb. Yeni tədris ilində təhsil işçilərinə müvəffəqiyyətlər arzulayan Elçin Kərimov qarşıya qoyulan vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib.
Qeyd edək ki, təhsil işçilərinin ənənəvi sentyabr konfransı iki gün davam edəcək. Konfransın ikinci günündə ayrı-ayrı fənlər üzrə panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.






