Daşkəsəndə Tarix-Diyarşünaslıq Muzeyinə “Tarixdən Zəfərə” adlı ekskursiya təşkil olunub
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü Daşkəsən rayonunda silsilə tədbirlərlə qeyd olunur. Təsdiq olunmuş Tədbirlər Planına əsasən oktyabrın 31-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəblərinin bir qrup şagirdi 8 Noyabr – Zəfər Günü ərəfəsində Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edib.
Ekskursiya zamanı ziyarətçilər tarixin müxtəlif dövrlərini əhatə edən eksponatlarla tanış olub, Vətən müharibəsinə həsr edilən xüsusi guşəyə baxış keçiriblər. Muzeyin əməkdaşı Gülnaz Abdullayeva “Tarixdən Zəfərə” adlı məruzə ilə çıxış edib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə görə Prezident cənab İlham Əliyevə, qalib Ordumuza, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib.
Digər çıxış edənlər də Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində xalqımızın sarsılmaz milli birliyindən, Vətən müharibəsində əldə edilən Zəfərin böyük tarixi əhəmiyyətindən, şəhidlərimizin, qazilərimizin və veteranlarımızın hər bir azərbaycanlı gənc üçün örnək olan qəhrəmanlığından söz açıb, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında, tariximizin öyrənilməsində bu cür ekskursiyaların vacibliyini vurğulayıblar.






