Daşkəsəndə “Sülh aylığı” çərçivəsində “Dini dözümlülüyün təbliğində təhsilin rolu” mövzusunda seminar təşkil olunub
Mayın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhəri İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində məktəblilərlə görüş keçirilib.
Tədbirin məqsədi məktəblilər arasında dini dözümlülük, multikulturalizm və milli-mənəvi dəyərlərin təbliği, yeniyetmələrin radikal dini təsirlərdən qorunması, eləcə də təhsilin tolerant və sağlam cəmiyyətin formalaşmasındakı rolunun diqqətə çatdırılması olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elmar Əliyev çıxışında bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı məkan olub. Dini dözümlülük və qarşılıqlı hörmət mühitinin formalaşdırılması gənc nəslin düzgün dünyagörüşünün inkişafı üçün vacibdir. Təhsil və maarifləndirmə yeniyetmələrin radikal təsirlərdən uzaq qalmasında əsas vasitələrdən biridir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev isə çıxışında qeyd edib ki, dini maarifləndirmə işi yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmamalı, həm də praktik olaraq şagirdlərdə sağlam düşüncə və düzgün davranış mədəniyyətinin formalaşdırılmasına xidmət etməlidir. Məktəblilərin informasiya mühitində doğru mənbələri seçməsi və zərərli ideoloji təsirlərdən qorunması bu gün xüsusilə aktual məsələdir. Məktəb, ailə və ictimai institutların birgə fəaliyyəti dini dözümlülüyün möhkəmləndirilməsinə və sabit sosial mühitin qorunmasına böyük töhfə verir.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






