Daşkəsəndə "Şəhərslama və Memarlıq İli"nə həsr olunan rayonun idarə, müəssisə və təşkilatları arasında stolüstü tennis turniri keçirilib
23-24 sentyabr tarixlərində "Şəhərslama və Memarlıq İli" çərçivəsində keçirilən yarış Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru, Daşkəsən rayonu üzrə Təhsil Sektoru və Daşkəsən şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov turnirin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, belə idman tədbirləri əməkdaşların asudə vaxtının səmərəli təşkilinə, sağlam həyat tərzinin təbliğinə, kollektivlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Elşən Hüseynov iştirakçılara uğurlar arzulayıb və turnirin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev çıxış edərək Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun salamlarını iştirakçılara çatdırıb. O, rayonda idmanın inkişafına və sağlam həyat tərzinin təbliğinə göstərilən diqqət və qayğıdan danışaraq, bu cür tədbirlərin artıq ənənəvi xarakter daşıdığını vurğulayıb, turnir iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra stolüstü tennis üzrə yarışa start verilib. Turnirdə rayonun 9 idarə, müəssisə və təşkilatını təmsil edən ümumilikdə 30 nəfər əməkdaş şəxsi birincilik uğrunda mübarizə aparıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda iştirakçılar stolüstü tennis üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, 1-ci yerə Daşkəsən şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idman müəllimi Anar Tağıyev, 2-ci yerə Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Elxan Vəlicanov, 3-cü yerə isə həmin Mərkəzin digər əməkdaşı Ayxan Vəlicanov layiq görülüb.
Sonda qaliblərə diplom və medallar təqdim olunub.






