Daşkəsəndə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda şəhərsalma siyasətinin formalaşması və davamlı inkişaf modeli” mövzusunda seminar keçirilib
Fevralın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda şəhərsalma siyasətinin formalaşması və davamlı inkişaf modeli” mövzusunda keçirilən seminarda mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini anmaqla başlayıb.
Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev giriş nitqi ilə çıxış edərək qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizdə şəhərsalma və memarlıq sahəsində strateji inkişafın prioritet olaraq müəyyənləşdirildiyini bir daha təsdiqləyir. E. Əliyev həmçinin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə şəhərsalma sahəsində həyata keçirilmiş islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəlmiş infrastruktur layihələri və planlı yaşayış məntəqələrinin qurulması barədə ətraflı məlumat verib.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova isə çıxışında Ulu Öndərin memarlıq və şəhərsalma sahəsində qoyduğu prinsiplərin, milli-mənəvi dəyərlərə əsaslanan müasir şəhər mühitinin formalaşdırılması istiqamətindəki fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Digər natiqlər – Alidə Mustafayeva, Sabirə İbrahimova, Gülnar Yusibova və Aygün Əliyeva ölkəmizdə şəhərsalma sahəsində əldə olunan nailiyyətlər, gənc nəslin bu sahəyə marağının artırılması və şəhər mühitinin insan həyatına təsiri mövzularında çıxışlar ediblər.
Sonra Ümummilli Liderin şəhərsalma sahəsində xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Seminar müzakirələrlə başa çatıb.






