Daşkəsəndə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 May – Beynəlxalq Ailə Günü qeyd olunub
Mayın 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində Daşkəsən rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, nümunəvi ailələr və gənclər iştirak ediblər.
Tədbirin məqsədi ailə institutunun cəmiyyətdəki əhəmiyyətinin təbliği, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, gənclərin vətənpərvərlik və ailə dəyərləri ruhunda tərbiyəsi, həmçinin sağlam ailə münasibətlərinin təşviqindən ibarət olub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Elxan Hüseynzadə, Elmar Əliyev, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Malik Ələsgərov və başqaları çıxışlarında bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən müstəqil dövlətimizin ailə siyasəti tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə söykənir. Ailə cəmiyyətin mənəvi dayağıdır. Azərbaycan ailəsində əsrlər boyu böyüyə hörmət, kiçiyə qayğı, Vətənə bağlılıq və milli adət-ənənələr qorunaraq yaşadılıb. Sağlam ailə mühiti gənclərin düzgün tərbiyə olunmasına, onların vətənpərvər ruhda böyüməsinə şərait yaradır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı sosialyönümlü proqram və layihələr ailələr və uşaqlar üçün böyük dayaqdır.
Diqqətə çatdırılıb ki, Daşkəsən rayonunda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Rayonda yaşayan xüsusi qayğıya ehtiyacı olan ailələrə mütəmadi baş çəkilir, sosial müdafiəsi gücləndirilir, onlara əlamətdar və bayram günlərində ərzaq yardımları təqdim olunur, müavinətlər verilir. Şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını itirmiş vətəndaşların ailələri mənzillərlə təmin edilir. Dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə rayonun yaşayış məntəqələrində cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği sahəsində maarifləndirici konfranslar, seminarlar, təlim və görüşlər keçirilir. Həmçinin ailələrin, xüsusilə qadınların məşğulluqlarının artırılması aidiyyəti qurumlarla birgə diqqət mərkəzində saxlanılır.
Tədbirdə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, uşaqların ailə mühitində böyüməsi, onların hüquq və mənafelərinin qorunması, sağlam sosial inkişafının təmin edilməsi məqsədilə himayədar ailə institutunun tətbiqi mühüm əhəmiyyət daşıyır. Himayədar ailə institutu valideyn himayəsindən məhrum və ya xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə sevgisi, qayğısı və dəstəyi ilə əhatə olunmasına, onların cəmiyyətə inteqrasiyasına şərait yaradan mühüm sosial mexanizmlərdən biridir.
Çay süfrəsi arxasında davam edən tədbirdə nümunəvi uzunömürlü və gənc ailələrin üzvlərinin çıxışları dinlənilib. Çıxış edənlər ailələrə göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






