Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan minifutbol üzrə rayon turnirinin açılış mərasimi keçirilib və oyunlara start verilib

25 may 2026 | 18:16

Mayın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC-nin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən rayon komitəsinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən rayon komitəsinin və “Araz Supermarket” MMC-nin dəstəyi ilə keçirilən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatları arasında minifutbol üzrə rayon turniri”nin açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği, rayonda minifutbol idman növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqi, eləcə də idarə, müəssisə və təşkilatlar arasında dostluq, həmrəylik və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsidir.

“Daşkəsən Dəmir Filiz” MMC-nin futbol meydançasında keçirilən birincilik Dövlət Himninin səsləndirilməsi, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Turnir iştirakçılarını qarşıdan gələn müqəddəs Qurban bayramı, 28 May – Müstəqillik Günü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edərək bütün komandalara uğurlar, ədalətli mübarizə və parlaq qələbələr arzulayan icra başçısı Orxan Abbasov çıxışında bildirib ki,  15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanma və xaos təhlükəsindən birdəfəlik xilas edib davamlı sabitlik, inkişaf və tərəqqi yoluna çıxarmışdır. Bu gün Ulu Öndərin siyasi kursu onun layiqli siyasi varisi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan hərtərəfli inkişaf edir, dövlətimizin qüdrəti və beynəlxalq nüfuzu daha da artır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması xalqımızın birlik və gücünün parlaq təzahürüdür”.

Daşkəsən şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Mübariz Mürsəlov isə çıxışında deyib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu idman siyasəti regionlarda da idmanın kütləviliyinin artmasına, gənclərin sağlam ruhda yetişməsinə geniş imkanlar yaradıb. Bu diqqət və qayğının nəticəsidir ki, Daşkəsəndə də idman tədbirləri və yarışlar mütəmadi təşkil olunur. Sayca ikinci dəfə keçirilən minifutbol turniri isə yalnız idman yarışı deyil, eyni zamanda rayonda fəaliyyət göstərən kollektivlər arasında həmrəyliyin, dostluq münasibətlərinin və sağlam rəqabət mühitinin təşviqinə xidmət edir.

16 komandanın iştirak etdiyi turnirdə ilk oyunlar Daşkəsən rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanası PHŞ, Daşkəsən Qaz Xidmət Sahəsi ilə “Star Mining” MMC, Daşkəsən Rayon İcra Hakimiyyəti ilə Daşkəsən rayon İƏD üzrə nümayəndəlikləri və Daşkəsən Dövlət Yanğından Mühafizə Hissəsi ilə “AzerGold” QSC-nin komandası arasında keçirilib.

Turnirin yekununda qalib komandalara kubok, medal və fəxri fərmanlar təqdim olunacaq.

Keçidlər