Daşkəsəndə Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirilib
“AzerGold” QSC-nin təşəbbüsü və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Ramazan və Novruz bayramları münasibətilə Daşkəsəndə növbəti sosial məsuliyyət layihəsi reallaşdırılıb. Aksiya çərçivəsində rayonda hasilat və istehsal fəaliyyəti aparılan mədənlərin ətrafında yerləşən yaşayış məntəqələrində yaşayan ailələrə bayram sovqatları təqdim edilib.
Təşəbbüsün məqsədi bayram günlərində yerli icmalara dəstək göstərmək, sosial rifahın yüksəldilməsinə töhfə vermək və şirkətin fəaliyyət göstərdiyi bölgələrdə yaşayan əhali ilə həmrəyliyi gücləndirməkdir.
Aksiya zamanı şəhid ailələrinə və müharibə iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.
Ümumilikdə 240-a yaxın ailəyə gündəlik ərzaq səbətinə daxil olan müxtəlif məhsullardan ibarət sovqatlar paylanılıb.
Cari ildə fəaliyyətinin 10 illiyini qeyd edən “AzerGold” QSC bundan sonra da ənənəvi olaraq dövlətin sosial yönümlü proqramlarına dəstəyini davam etdirməyi, fəaliyyət göstərdiyi regionlarda müxtəlif sosial layihələrin icrası ilə icmaların inkişafına töhfə verməyi planlaşdırır.






