Daşkəsəndə qəyyumluğa və himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.7-ci, eyni zamanda “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci bəndlərinin icrası Daşkəsən rayonunda aidiyyəti qurumlarla birgə nəzarətdə saxlanılır. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən rayonda qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində müntəzəm monitorinqlər aparılır.
Cari ildə 7 ailədə ümumilikdə 9 görüş keçirilərək tövsiyələr verilib, həmçinin müəyyən edilmiş bəzi çatışmazlıqların operativ surətdə aradan qaldırılmasına nail olunub.
Monitorinqlər zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılır, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılır, ehtiyac yarandıqda müvafiq qurumlarla birgə təxirəsalınmaz tədbirlər görülür.






