Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə Qərbi Azərbaycandan olan qocaman icma üzvləri evlərində ziyarət olunub

19 avqust 2026 | 14:56

Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyi tərəfindən icmanın qocaman üzvlərinin ziyarət olunması, onların həyat yolunun və xatirələrinin dinlənilməsi məqsədilə görüş keçirilib. Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndindən olan, 1939-cu il təvəllüdlü Mahmudov Ələkbər Məhəmmədəli oğlu və onun həyat yoldaşı, Basarkeçər rayonunun Zod kəndindən olan, 1948-ci il təvəllüdlü “Əməkdar müəllim”  Mahmudova Duman Qoca qızı evlərində ziyarət ediliblər.

Səmimi şəraitdə keçən görüş zamanı Ələkbər Mahmudov və Duman Mahmudova doğma yurdları, orada keçirdikləri uşaqlıq illəri, eləcə də ailələrinin üzləşdiyi deportasiya hadisələri barədə xatirələrini bölüşüblər.

Ələkbər Mahmudovun ailəsi 1950-ci ildə, Duman Mahmudovanın ailəsi isə 1948-ci ildə doğma yurdlarından deportasiya olunub. Onların söylədikləri xatirələr Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların tarixi keçmişinin, adət-ənənələrinin və yurd həsrətinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin sədri Malik Ələsgərov Ələkbər Mahmudova və Duman Mahmudovaya icmanın döş nişanı və üzvlük vəsiqəsini təqdim edib. Sədr qocaman icma üzvlərinə göstərdikləri fəallığa, milli yaddaşımızın qorunmasına verdikləri töhfəyə görə təşəkkürünü bildirib, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıb.

Qocaman üzvlər də öz növbəsində göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edib, Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi yaddaşının qorunması, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının və doğma yurdlarına qayıdışla bağlı məsələlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mühüm işlər görülür. Dövlət başçısının Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarına qayıdış hüququ ilə bağlı prinsipial mövqeyi bu sahədə aparılan fəaliyyətlər üçün başlıca siyasi və mənəvi dayaqdır.

Görüşün sonunda Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyi tərəfindən bildirilib ki, qocaman nəslin nümayəndələrinin ziyarət olunması, onların xatirələrinin dinlənilməsi və gələcək nəsillərə çatdırılması bundan sonra da diqqətdə saxlanılacaq. Çünki hər bir xatirə yalnız bir ailənin deyil, bütövlükdə xalqımızın tarixi yaddaşının bir parçasıdır.

 

 

Keçidlər