Daşkəsəndə növbəti ekoloji aksiya təşkil edilib
Avqustun 22-də Daşkəsən Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Daşkəsən rayonunun Xoşbulaq kəndində 14 saylı RMTM-nin Əmirvar meşəbəyliyinin 11 saylı meşə dolayısının ətraf ərazilərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş təmizlik aksiyası keçiriblər.
Tədbirin məqsədi təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, əhalini ətraf mühitinin mühafizəsinə cəlb etmək və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ictimaiyyətlə əməkdaşlığı gücləndirmək olub.
Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin, 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 14 saylı RMTM-nin və Qərb Regional Hidrometrologiya Mərkəzinin əməkdaşları, könüllülər və kənd sakinləri iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çirklənmiş ərazilərdən topladıqları 530 kiloqramdan çox tullantını çeşidləyərək aidiyyəti üzrə təhvil veriblər.
Unutmamalıyıq ki, ətraf mühitin qorunması hər bir şəxsin borcudur (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 78).






