Daşkəsəndə “Narkotiklərə və zərərli vərdişlərə yox deyək!” adlı növbəti maarifləndirici görüş keçirilib
Mayın 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Polis Şöbəsinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Qaraqullar kənd tam orta ümumtəhsil məktəbində keçirilən maarifləndirici görüşdə Daşkəsən RİHBA-nın məsul əməkdaşı Yaqub Bayramov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Fariz Cəfərov, məktəbin direktoru Vasif Mustafayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin məqsədi gənc nəsil arasında narkotik maddələrin, alkoqolun və siqaretin zərərləri ilə bağlı bilikləri artırmaq, onların bu cür vərdişlərdən uzaq durmalarını təmin etmək olub.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli və digərləri çıxışlarında narkomaniyanın fəsadları, sağlam həyat tərzinin əhəmiyyəti, habelə zərərli vərdişlərdən uzaq durmağın vacibliyi barədə geniş məlumat veriblər.
Tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən videoçarx nümayiş olunub, həmçinin bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.
Sonda şagirdlərlə müzakirə aparılaraq, onların fikirləri dinlənilib, sualları cavablandırılıb.