Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə məktəblilərlə “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirmə aparılıb

01 mart 2025 | 11:00

Fevralın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirin məqsədi şagirdlərə düzgün qidalanma vərdişləri aşılamaq, balanslı qidalanmanın sağlamlığa müsbət təsiri barədə məlumatlandırmaq, habelə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci cə 10.12.4-cü yarımbəndlərinin icrası olub.

Çıxışçılar vurğulayıblar ki, düzgün və balanslı qidalanma insan sağlamlığının əsas şərtlərindən biridir. Orqanizmin normal fəaliyyəti üçün lazımi qida maddələrinin düzgün nisbətdə qəbulu həm fiziki, həm də zehni sağlamlığına müsbət təsir göstərir. Sağlam və rasional qidalanma yalnız kalori saymaqdan ibarət deyil, eyni zamanda orqanizm üçün vacib olan vitaminlər, minerallar, proteinlər, yağlar və karbohidratların optimal balansını qorumaq deməkdir.

Müxtəlif və balanslı qida rasionu, meyvə və tərəvəzlərin üstünlüyü, şəkər və duzun azaldılması, kifayət qədər su içmək, qida rejiminə riayət etmək rasional qidalanmanın əsas prinsipləridir. Sağlam qidalanma enerji səviyyəsini artırır, yorğunluğun qarşısını alır. Həmçinin immuniteti gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır. Arıqlama və çəki nəzarətinə kömək edir. Çünki balanslı qidalanma orqanizmin lazımi qida maddələri almasını təmin edir. Habelə ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterin və qan təzyiqini normada saxlayır. Həzm sistemini yaxşılaşdırır.

İnteraktiv formada təşkil olunmuş tədbirdə şagirdlər sağlam qidalanma ilə bağlı suallar veriblər və mütəxəssislərdən praktik məsləhətlər alıblar. İştirakçılara sağlam və balanslı menyu nümunələri təqdim edilib, düzgün qidalanma vərdişlərinin gündəlik həyatlarına necə təsir edəcəyi izah olunub.

Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin aidiyyəti qurumlarla birgə rayonda mütəmadi olaraq keçirdiyi bu cür tədbirlər gənc nəslin sağlam böyüməsinə, düzgün qidalanma vərdişlərinin formalaşmasına və gələcəkdə müxtəlif sağlamlıq problemlərinin qarşısının alınmasına töhfə verir.  

Keçidlər