Daşkəsəndə məktəblilərlə “Narkotiklərə və zərərli vərdişlərə yox deyək!” adlı növbəti maarifləndirici tədbir keçirilib
Aprelin 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Polis Şöbəsinin, rayon üzrə Gənclər və İdman Sektorunun və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta ümumtəhsil məktəbində keçirilən maarifləndirici görüşdə Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli, Gənclər və İdman Sektorunun baş məsləhətçisi Etibar Verdiyev, məktəbin direktoru Şirin Allahverdiyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin məqsədi gənc nəsil arasında narkotik maddələrin, alkoqolun və siqaretin zərərləri ilə bağlı bilikləri artırmaq, onların bu cür vərdişlərdən uzaq durmalarını təmin etməkdir.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli və digərləri çıxışlarında narkomaniyanın fəsadları, sağlam həyat tərzinin əhəmiyyəti, habelə zərəli vərdişlərdən uzaq durmağın vacibliyi barədə geniş məlumat veriblər.
Tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən videoçarx nümayiş olunub, həmçinin “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, tütünçəkməyə yox deyək”, “Sağlam həyat naminə zərəli vərdişlərdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.
Sonda mövzu ətrafında müzakirə aparılaraq, fikirlər dinlənilib, suallar cavablandırılıb.