Daşkəsəndə məktəblilərlə "Narkomaniyanın sosial təsirləri” və “Uşaq nikahlarının qarşısının alınması" mövzularında maarifləndirmə aparılıb
Oktyabrın 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Polis Şöbəsinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəbində keçirilən növbəti maarifləndirici görüşdə Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, Daşkəsən Rayon Polis Şöbəsi rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli, Rayon Polis Şöbəsinin əməkdaşları, Təhsil Sektorunun əməkdaşı Fərid Cavadov, Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Kərim Kərimov, məktəbin direktoru Asif Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Mövzusu “Narkomaniyanın sosial təsirləri” və “Uşaq nikahlarının qarşısının alınması” olan tədbirin məqsədi yeniyetmələrin bu cür sosial bəlalara qarşı bilik və məlumatlılıq səviyyəsini artırmaq, onları sosial təhlükələrdən və zərərli vərdişlərdən qorumaq, habelə erkən nikahların fəsadları barədə xəbərdar etmək olub.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli və digərləri çıxışlarında narkomaniyanın təkcə fərdi deyil, eyni zamanda ailə və cəmiyyət üçün nə qədər ciddi təhlükə yaratdığını vurğulayıblar. Onlar bildiriblər ki, narkotik vasitələrə aludəçilik gənclərin sağlamlığını məhv etməklə yanaşı, onların sosial həyata inteqrasiyasını da çətinləşdirir.
“Uşaq nikahlarının qarşısının alınması” mövzusunda çıxış edən RİH-nin məsul əməkdaşı Elxan Hüseynzadə erkən nikahların uşaqların təhsil hüququna və psixoloji inkişafına mənfi təsir göstərdiyini qeyd edib, valideynləri və müəllimləri bu məsələdə daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
Sonra xüsusi hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda narkomaniyanın və uşaq nikahlarının real həyatda yaratdığı problemlər, bu prosesə məruz qalan şəxslərin həyat hekayələri və mütəxəssis rəyləri yer alıb. Videolar iştirakçılar tərəfindən böyük maraqla izlənilib və dərin təəssürat yaradıb.
Sonda məktəblilərlə açıq diskussiya aparılıb, onların sualları cavablandırılıb və bu cür hallarla rastlaşdıqda kimlərə müraciət edə biləcəkləri izah edilib.






