Daşkəsəndə məktəblilər üçün “Məişət zorakılığı, erkən nikah, zərərli vərdişlər və narkomaniya ilə mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
Fevralın 13-də Daşkəsən rayonunda yeniyetmə və gənclər arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə növbəti tədbir təşkil olunub. Tədbir Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən Rayon Polis Şöbəsi və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Çıxış edənlər bu problemlərin cəmiyyət və xüsusilə gənc nəslin sağlam inkişafı üçün yaratdığı təhlükələrdən danışıblar. Qeyd olunub ki, məişət zorakılığı, erkən nikah halları, zərərli vərdişlər və narkomaniya yeniyetmələrin fiziki və psixoloji sağlamlığına ciddi zərər vurur, onların təhsilinə və gələcək həyatına mənfi təsir göstərir.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polkovnik Məhəmməd Əhmədbəyli məişət zorakılığının, erkən nikahın, zərərli vərdişlərin və narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb. O, məktəbliləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi seçməyə və qarşılaşdıqları bu kimi neqativ hallar barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.
Tədbirdə çıxış edən Daşkəsən Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Emil Yusifov narkotik vasitələrin insan sağlamlığına vurduğu ağır zərərlərdən, asılılığın fəsadlarından və bu bəlanın ailələrə, cəmiyyətə mənfi təsirindən danışıb, həmçinin erkən yaşlarda zərərli vərdişlərə aludə olma riskinin daha yüksək olduğunu diqqətə çatdırıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev qeyd edib ki, yeniyetmələrin sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O deyib ki, gənclərimizi zərərli vərdişlərdən və erkən nikah kimi onların gələcəyini təhlükə altına alan hallardan qorumaq hər birimizin borcudur. Maarifləndirmə tədbirləri bu baxımdan hər zaman mühüm əhəmiyyət daşıyır.
Daşkəsən Rayon Polis Şöbəsinin Kadr və peşə hazırlığı üzrə baş inspektoru Malik Ələsgərov isə erkən nikahın hüquqi məsuliyyəti barədə məlumat verib. Bildirib ki, erkən nikahlar uşaqların hüquqlarının pozulması ilə yanaşı, onların sosial və iqtisadi imkanlarını da məhdudlaşdırır.
Sonra xüsusi hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda narkomaniyanın və uşaq nikahlarının real həyatda yaratdığı problemlər, bu prosesə məruz qalan şəxslərin həyat hekayələri və mütəxəssis rəyləri yer alıb. Videolar iştirakçılar tərəfindən böyük maraqla izlənilib və dərin təəssürat yaradıb.
Sonda məktəblilərlə açıq diskussiya aparılıb, onların sualları cavablandırılıb.






