Daşkəsəndə məktəblilər gündəlik fiziki aktivliyə cəlb olunur və rayonun ümumtəhsil məktəblərində sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici materiallar təşviq edilir
Fiziki aktivlik insan sağlamlığını təmin edən başlıca amillərdən biridir. Xüsusilə inkişaf dövründə – 5-17 yaş arası uşaqlar və yeniyetmələr üçün bu cür aktivliklər yalnız idman deyil, həm də psixofizioloji inkişafın vacib tərkib hissəsidir.
Son illərdə uşaqlar arasında oturaq həyat tərzinin artması, kompüter və mobil cihazların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi, qidalanma vərdişlərindəki dəyişikliklər nəticəsində piylənmə, 2-ci tip şəkərli diabet, ürək-damar sistemi problemləri və psixoloji pozuntuların geniş yayılması müşahidə olunur.
Bu problemlərə qarşı təsirli və sübut edilmiş profilaktik metodlardan biri kimi mütəmadi fiziki aktivlik, eyni zamanda şagird və müəllim heyəti üçün informativ maarifləndirici resurslar Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.1-ci, 3.3.7.2-ci və 3.3.7.3-cü bəndlərinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə rayonun ümumtəhsil məktəblərində sistemli şəkildə təşviq olunur. Müəyyən edilmiş vaxtlarda bütün ümumtəhsil məktəblərində təşkil edilən fəaliyyətlər məktəbdaxili və rayondaxili idman yarışlarından, gəzintilər və açıq hava oyunlarından, maarifləndirici tədbirlər və dərslərdən, habelə səhər gimnastikasından ibarətdir.
Rayonun ümumtəhsil məktəblərində fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimlərinin rəhbərliyi ilə hər gün səhər toplantılarında şagirdlərin qrup şəklində gimnastika hərəkətləri etməsi artıq müsbət ənənəyə çevrilmişdir. Bu tədbirlər yalnız fiziki sağlamlığın möhkəmləndirilməsi ilə kifayətlənmir, həmçinin şagirdlərin sosiallaşmasına, komandada işləmə bacarıqlarının inkişafına və psixoloji durumlarının stabilləşməsinə dəstək olur.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, 5-17 yaş arası uşaqlar gündə azı 60 dəqiqə orta və yüksək intensivlikli fiziki aktivliklə məşğul olmalıdır. Bu cür fiziki aktivliklər sümük-əzələ sistemini möhkəmləndirir, ürək-damar və tənəffüs sistemini gücləndirir, yıxılma və travma riskini azaldır, sağlam bədən çəkisini qorumağa kömək edir, əhvali-ruhiyyə və zehni fəaliyyəti yaxşılaşdırır, eləcə də sosial bacarıqları inkişaf etdirərək stresi azaldır.
Müşahidələr göstərir ki, mütəmadi fiziki aktivliklə məşğul olan şagirdlər daha diqqətli, öyrənməyə daha motivasiyalı olur və dərslərdə iştirak səviyyələri yüksəlir. Həmçinin uşaqlıqdan fiziki aktivliyə vərdiş edənlər böyüdükdə daha sağlam və güclü olurlar.






