Daşkəsəndə məktəb təhlükəsizliyi, gənclər arasında ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, erkən nikahın və qohumlar arasında nikahın mənfi təsirləri barədə maarifləndirmə aparılıb
Fevralın 27-də Daşkəsən şəhəri A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdinə keçirilən tədbirdə Daşkəsən RİH-nin məsul şəxsləri Elxan Hüseynzadə, Rəşad Qurbanov, Daşkəsən Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Əfqan İsgəndərov, Daşkəsən rayon Təhsil Sektorunun əməkdaşı Fərid Cavadov, Daşkəsən rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş tibb bacısı Pərvin Əliyeva, məktəbin direktoru Gülzadə Tağıyeva və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edənlər ailənin cəmiyyətin təməl institutu olduğunu vurğulayaraq, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, sağlam və möhkəm ailə modelinin formalaşması üçün gənclərin düzgün məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.
Maarifləndirici görüşdə sağlam həyat tərzinin əsas komponentləri – düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və psixoloji sağlamlığın qorunması mövzularına toxunulub. Qeyd edilib ki, erkən yaşda nikaha daxil olmaq həm təhsil imkanlarını məhdudlaşdırır, həm də gənclərin fiziki və psixoloji inkişafına mənfi təsir göstərir.
Həmçinin qohumlar arasında nikahların tibbi və genetik riskləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı məktəb təhlükəsizliyi məsələsinə də toxunulub. Şagirdlərə təhsil müəssisələrində təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi, hüquqazidd hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat verməyin əhəmiyyəti izah edilib.
Mövzularla bağlı maarifləndirici videoçarxlar iştirakçıların marağına səbəb olub.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və bukletlər paylanıb.






