Daşkəsəndə leysanın fəsadları aradan qaldırılır
İyunun 11-də səhər saatlarından Daşkəsən rayonu ərazisinə dolu ilə müşayiət olunan aramsız leysan yağışları bir sıra fəsadlara səbəb olub. Gəncə-Daşkəsən, Quşçu-Çovdar avtomobil yollarında və bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi yollara töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkətində maneələr yaranıb. Əsasən Quşçu kəndində bir neçə vətəndaşa məxsus fərdi yaşayış evinə, zirzəmisinə və həyətlərə su dolub, Zəylik kəndində heyvandarlıq təsərrüfatlarına ziyan dəyib, xırdabuynuzlu heyvanlar tələf olub.
Hazırda rayon ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində Daşkəsən Rayon Fövqəladə hallar Komissiyasının rəhbərliyi ilə aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Avtomobil yollarında hərəkətin bərpası üçün xüsusi texnikalar cəlb olunub, qaya və palçıq kütlələrinin təmizlənməsi işləri davam etdirilir. Elektrikin, qazın və içməli suyun verilişində fasilələr yaranmayıb.
Hava şəraiti ilə bağlı əhaliyə ehtiyatlı olmaları, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaları tövsiyə edilir






