Daşkəsəndə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş stolüstü tennis birinciliyi keçirilib
23-24 sentyabr tarixlərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Daşkəsən rayonunun ümumtəhsil məktəbliləri arasında stolüstü tennis birinciliyi keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rayon üzrə Gənclər və İdman Sektoru və Təhsil Sektoru ilə birgə təşkil etdiyi birinciliyin məqsədi müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının tarixi və hüquqi əhəmiyyətinin yeniyetmələrə aşılanması, dövlətçilik ənənələrinin və milli suverenlik prinsiplərinin təbliği, gənclər arasında vətənpərvərlik duyğularının gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, eyni zamanda stolüstü tennis idman növünə diqqətin yönəldilməsi, həmçinin 27 Sentyabr – Anım Gününün beşinci ildönümündə qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və bu tarixin gənc nəslə aşılanması olub.
Yarışın açılış hissəsində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi anılıb.
Çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş birinciliyin əhəmiyyətindən söz açaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik kursunun və ardıcıl idman siyasətinin bu gün onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin və 27 Sentyabr – Anım Gününün milli dəyərlərin təbliği baxımından önəmi vurğulayıblar.
Yarışda 12–14 yaş arası 19 nəfər yeniyetmə iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə iştirakçılar bacarıq və taktiki hazırlıqlarını nümayiş etdiriblər.
Sonda qaliblər müəyyən olunub. Oğlanlar arasında I yeri Bayramov Yusif Duman oğlu, II yeri Hüseynov Kamil Fikrət oğlu, III yeri Quluyev Nuran Şöhrət oğlu tutub. Qızlar arasında I yerə İsmayılova Aysu Şahlar qızı, II yerə Hüseynli Fatimə Rauf qızı, III yerə İsmayılova Zeynəb Şahlar qızı layiq görülüb.
Qaliblərə diplomlar təqdim olunub.






