Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətə başlayıb

08 sentyabr 2025 | 18:50

Sentyabrın 8-də Azərbaycan Respublikasının Gənclər Fondunun və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinə Daşkəsən gəncləri də qoşulublar.

“Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev və Vətən müharibəsi qazisi Ceyhun Əliyev çıxışlarında layihənin dövlətçilik dəyərlərinin qorunması, gənclərin vətənpərvərlik şüurunun gücləndirilməsi və sosial bacarıqlarının artırılması istiqamətində əhəmiyyətli rol oynadığını vurğulayıblar.

 Rəsmi hissədən sonra açıq hava şəraitində iştirakçılar üçün Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də digər qurumlarla tərəfdaşlıq çərçivəsində maarifləndirici təlimlər təşkil edilib. Həmçinin peşəkar təlimçilər tərəfindən gənclərə ixtisas seçimi, şəxsi və karyera  inkişafı, könüllülük fəaliyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularında sessiyalar keçirilib.

Bunlarla yanaşı, gənclər “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera”, “Əyləncə” adlı müxtəlif zonalarda interaktiv fəaliyyətlərə yönəlmiş vörkşop, master-klass, intellektual oyun və sərgilərdə fəal iştirak ediblər. Komanda işinə əsaslanan fəaliyyətlər, müxtəlif stolüstü oyunlar və interaktiv proqramlar gənclərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaradıb, onların şəbəkələşmə və ünsiyyət bacarıqlarının möhkəmlənməsinə töhfə verib.

Tədbirin sonunda fəal gənclərə hədiyyələr təqdim edilib.

Daşkəsən rayonunda 12 sentyabr tarixinədək davam edəcək layihədə yüzlərlə gəncin iştirakı nəzərdə tutulub.

 

Keçidlər