Daşkəsəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda maarifləndirici tədbir keçirilib
Avqustun 28-də Daşkəsən Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Ombudsmanın Qərb Regional Mərkəzi ilə birgə Daşkəsən rayonunun 95 illik yubileyi münasibətilə keçirilən tədbirlər və “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir təşkil edib.
Maarifləndirici tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Ruslan Məmmədəliyev və Elmar Əliyev, DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, ziyalılar, gənclər və rayon ictimaiyyətinin fəal üzvləri iştirak ediblər.
Çıxışlarda dinin cəmiyyətin mənəvi sağlamlığının qorunmasında, ədalət və sülhün təşviqindəki rolundan bəhs olunub. Eyni zamanda, dini radikalizmin və ekstremizmin yaratdığı təhdidlərə qarşı maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri sülh, qarşılıqlı hörmət və tolerantlıq şəraitində fəaliyyət göstərir. Bu da ölkəmizin multikultural dəyərlərə və birgəyaşayış ənənələrinə sadiqliyinin bariz nümunəsidir.
Çıxışlardan sonra tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı məlumatlandırıcı bukletlər paylanıb.






