Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təmizlik aksiyası keçirilib
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Daşkəsən rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində iyulun 3-də rayonun müxtəlif ərazilərində ətraf mühitin qorunması, vətəndaş məsuliyyətinin artırılması və ictimai şüurun yüksəldilməsi məqsədilə növbəti təmizlik aksiyası təşkil olunub.
Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər və sakinlər iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları əraziləri plastik və digər məişət tullantılarından təmizləyərək aidiyyəti üzrə təhvil veriblər.
Tədbir zamanı iştirakçılar Azərbaycan Konstitusiyasının əhəmiyyəti, milli suverenliyin qorunması və hər bir vətəndaşın bu prosesdəki rolu haqqında maarifləndirilib. Eyni zamanda, təmizlik və ekoloji davranışla bağlı bukletlər paylanıb.