Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəblilərlə "Şanlı Zəfər Tariximiz" adlı növbəti tədbirlər keçirilib
13-14 oktyabr tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə növbəti "Şanlı Zəfər Tariximiz" adlı tədbirlər Daşkəsən rayon Əmirvar kənd H.Qasımov adına tam orta və Qabaqtəpə kənd A.Rüstəmov adına tam orta ümumtəhsil məktəblərində keçirilib.
Tədbirin məqsədi Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin təbliği, məktəblilərdə vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi, onlara dövlətçilik ənənələrimiz, suverenliyimiz və ərazi bütövlüyümüz barədə məlumatların verilməsi, habelə milli-mənəvi dəyərlərin aşılanması olub.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirlərdə 44 günlük Vətən müharibəsinin gedişindən, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın birliyindən bəhs edən sənədli film nümayiş olunub. Film şagirdlər tərəfindən böyük maraqla izlənilib və onlarda qürur, Vətənə sevgi hissləri oyadıb.
Filmin nümayişindən sonra şagirdlər arasında Zəfər tariximizə dair viktorinalar keçirilib. Məktəblilər biliklərini sınayıb, fəallığı ilə seçilən iştirakçılar xüsusi döş nişanları ilə mükafatlandırılıb.
Tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsinə də yer ayrılıb. Şagirdlər və müəllimlər əsgərlərimizə ürək sözlərini və xoş arzularını əks etdirən məktublar yazaraq onlara mənəvi dəstək nümayiş etdiriblər.






