Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məişət zorakılığına qarşı mübarizəyə dair informasiya bülletenləri hazırlanaraq əhali arasında paylanıb
Prezident cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin hüquqi dövlət quruculuğunda, habelə vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə məişət zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətin bu problemə qarşı maarifləndirilməsi və hüquqi müdafiə mexanizmləri barədə məlumatlandırılması üçün informasiya bülletenlərinin hazırlanması, çap edilməsi və əhali arasında yayılması vacibdir.
Azərbaycan Respublikasının Konstitusiyası və milli qanunvericiliyi məişət zorakılığının qarşısının alınmasını və zorakılıq qurbanlarının müdafiəsini təmin edən əsas hüquqi bazanı yaradır. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun və digər normativ aktlar məişət zorakılığı hallarının müəyyən edilməsi, hüquq-mühafizə orqanlarına müraciət olunması və zərərçəkmiş şəxslərin qorunması mexanizmlərini tənzimləyir.
Lakin qanunların effektiv icrası üçün ictimai maarifləndirmə həmişə zəruridir. İnsanlar hüquqlarını bilmədikdə və ya kömək üçün hara müraciət edəcəklərindən xəbərsiz olduqda, məişət zorakılığı qurbanları uzun müddət zorakılığa məruz qalır və problemlər dərinləşir.
Elə bu məqsədlə də Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən çap edilən məişət zorakılığına qarşı mübarizəyə dair məlumatlandırıcı bülletenlər rayon əhalisi arasında paylanıb. Bülletenlər “Məişət zorakılığının növləri və əlamətləri”, “Hüquqi baza və müdafiə mexanizmləri”, “Dəstək xidmətləri”, “Zorakılığın qarşısının alınması”, “Real hekayələr və nümunələr” başlıqları altında hazırlanıb.
Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri, xüsusilə informasiya bülletenlərinin yayılması cəmiyyətin bu problemdən xəbərdar olmasını təmin edir. Çünki hüquqi biliklərin artırılması və zorakılıqla mübarizə mexanizmlərinin əlçatan olması zorakılığın azalmasına və daha güclü bir vətəndaş cəmiyyətinin formalaşmasına zəmin yaradır.