Daşkəsəndə "Konstitusiya və Suverenlik İli" çərçivəsində məişət zorakılığı ilə mübarizə mövzusunda növbəti maarifləndirmə keçirilib
"Konstitusiya və Suverenlik İli" çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkil etdikləri məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş maarifləndirici görüş Daşkəsən şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutub.
Tədbirin məqsədi yeniyetmələr arasında məişət zorakılığına qarşı mübarizə, bu cür halların qarşısının alınması və hüquqi maarifləndirmənin gücləndirilməsi olub.
Çıxış edənlər ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, məişət zorakılığına qarşı mübarizə üzrə qanunvericilik bazası, habelə zorakılığın qarşısının alınmasında ailənin, məktəbin və cəmiyyətin rolu barədə geniş məlumat veriblər. Maarifləndirici sessiyada şagirdlərə məişət zorakılığı halları ilə qarşılaşdıqda hansı addımları atmaları, hara müraciət etmələri barədə praktik tövsiyələr təqdim olunub.
Tədbirin interaktiv xarakter daşıması şagirdlərin mövzuya daha fəal yanaşmasına şərait yaradıb.






