Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Məişət zorakılığı ilə mübarizə” mövzusunda məlumatlandırıcı tədbir keçirilib
Fevralın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam ümumtəhsil orta məktəbində keçirilən maarifləndirici tədbirdə Rayon Polis Şöbəsinin, rayon üzrə Təhsil Sektorunun əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində məişət zorakılğı ilə mübarizəyə dair həsr olunan görüş gənc nəsildə hüquq və azadlıqlar barədə məlumatlılığın artırılması məqsədi daşıyıb.
Tədbirdə zorakılığın formaları, məişət zorakılığı, məişət zorakılığının subyektləri, yaratığı fəsadlar və onunla mübarizə yolları barədə ətraflı məlumat verilib. Habelə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tələbləri, Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığından zərərçəkmişə verilən mühafizə orderi haqqında danışılıb, məişət zorakılığının tibbi-psixoloji nəticələri izah edilib. Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində respublikamızda və Daşkəsəndə görülən zəruri tədbirlərə nəzər salınıb.
Diqqətə çatdırılıb ki, Konstitusiya insanların fundamental hüquq və azadlıqlarını, o cümlədən şəxsi toxunulmazlıq, ailənin qorunması, xüsusilə bərabərlik prinsiplərini təmin edir. Ləyaqətin qorunması da Konstitusiyanın prinsiplərindən biridir. Məişət zorakılığı bu hüququ pozur. İşgəncəyə və qeyri-insani rəftara yol verilməməsi Konstitusiyanın əsas maddələrindəndir. Məişət zorakılığı psixoloji və fiziki zorakılığı əhatə etdiyi üçün buna ziddir. Konstitusiya ailəni cəmiyyətin əsas özəyi kimi qoruyur, həmçinin dövlət ailə üzvlərinin hüquqlarını müdafiə eləyir. Qadın və kişilərin bərabər hüquqlara malik olması məişət zorakılığına qarşı mübarizənin əsas prinsiplərindəndir. Uşaqların müdafiəsi və onların zorakılıqdan qorunması dövlətin və cəmiyyətin vəzifəsidir. Məişət zorakılığı qurbanları hüquqi və psixoloji müdafiə almaq üçün aidiyyəti dövlət və qeyri-hökumət qurumlarına müraciət edə bilərlər. Beləliklə, Konstitusiya hər bir fərdin hüquqlarını və təhlükəsizliyini qorumağı təmin edir və məişət zorakılığına qarşı hüquqi əsas yaradır. Məişət zorakılığı təkcə sosial problem deyil, həm də hüquqi məsələdir və onun qarşısının alınması Konstitusiyanın təmin etdiyi hüquq və azadlıqlarla birbaşa əlaqəlidir. Zorakılıq qurbanı olan hər kəs susmamalıdır və vaxtında kömək üçün müraciət etməlidir.
Daha sonra mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.
Tədbirin sonunda RİH tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıb.