Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində basketbol üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib
10-11 aprel tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yeniyetmə və gənclər arasında basketbol üzrə rayon birinciliyi uğurla yekunlaşıb.
Birinciliyin keçirilməsində məqsəd Konstitusiyanın əhəmiyyətini və suverenliyin dəyərlərini çatdırmaq, rayonda basketbol idman növünün kütləviliyini təmin etmək, yeniyetmə və gənclərin yarış təcrübəsini artırmaq, həmçinin onlar arasında dostluq əlaqələri yaratmaq olub.
Yarışın açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iştirak edib. Komandalara uğurlar arzu edən icra başçısı Orxan Abbasov bu cür yarışların rayonda yeniyetmə və gənclərin sağlam həyat tərzini təşviq etməklə yanaşı, vətənpərvərlik və komanda ruhunun formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, idmançıların bu yarışda bir araya gəlməsi, sağlam rəqabət şəraitində qazanacaqları təcrübə onları yalnız basketbol sahəsində deyil, həyatın müxtəlif sahələrində də uğurlu edəcəkdir.
Ümumilikdə 6 komandanın iştirak etdiyi yarış maraqlı və gərgin anlarla yadda qalıb. Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası birinci, Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası ikinci, Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Sonda qalib komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.