Daşkəsəndə “Kiçik yaşlıların böyüyən dünyası: təhsil hamı üçün əlçatandır” layihəsinin açılış mərasimi keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant proqramının qalibi olmuş 'Kiçik yaşlıların böyüyən dünyası: təhsil hamı üçün əlçatandır" layihəsinin açılış mərasimində Daşķəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, təhsil sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qrant proqramın həyata keçirilməsində məqsəd məktəbəqədər təhsildən kənarda qalmış uşaqları alternativ yollarla məktəbəqədər təhsilə cəlb etməkdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Layihə rəhbəri Şaiq İsmayılov çıxışında bildirib ki, layihə erkən yaşda verilən təlimin uşaqların kiçik və böyük motor, habelə intellektual bacarıqlarının inkişafına müsbət təsir göstərməsi, gələcəkdə onların məktəbdəki nailiyyətlərinə zəmin yaratması amilləri nəzərə alınaraq həyata keçirilir. Rayon üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olunması, valideyn-icma-məktəb əməkdaşlığının möhkəmləndirilməsi, valideynlərin təhsil xidmətlərinin idarəedilməsində və monitorinqində iştirakı, ən əsası uşaqların 4 inkişaf sahəsinin (fiziki inkişaf (sağlamlıq və təhlükəsizlik), idrakın inkişafı, estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf) reallaşdırılması qarşıya qoyulmuş hədəflərdir. Ş.İsmayılov məlumat verib ki, 8 ay davam edəcək layihə çərçivəsində Daşkəsən rayonu Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəbdə xüsusi resurslarla təmin olunmuş sinif otağı yaradılaraq, 3-5 yaşlı 12 nəfər uşaq məktəbəqədər təhsilə cəlb olunmuşdur. Onların təlim-tərbiyəsi ilə 1 nəfər tərbiyəçi-müəllim həftə ərzində 5 dəfə 2 saat məşğul olur.
Tədbirdə digər çıxış edənlər layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.