Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edilib

01 noyabr 2026 | 10:11

1 Noyabr – Azərbaycan Respublikasında Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vüsal Rzayev, rayonun kənd təsərrüfatı işçiləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsinə ehtiram bildiriblər.

İcra başçısı Orxan Abbasov peşə bayramı münasibətilə rayonun kənd təsərrüfatı işçilərini təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatının mühüm tərkib hissəsi olmaqla, ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin məşğulluğunun artırılmasında və regionların sosial-iqtisadi inkişafında böyük rol oynayır. Prezident cənab İlham Əliyevin hər zaman aqrar sahənin inkişafına göstərdiyi diqqət və dəstək, müəyyənləşdirdiyi hədəflər kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, istehsal imkanlarının genişləndirilməsinə xidmət göstərir. Ölkə başçısının 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Daşkəsən rayonunda da mövcud torpaq və təsərrüfat imkanlarından səmərəli istifadə olunması, heyvandarlığın və digər aqrar fəaliyyət sahələrinin inkişaf etdirilməsi, fermerlərin təşəbbüslərinin dəstəklənməsi və məhsul istehsalının artırılması qarşıda duran vəzifələrdəndir.

Kənd təsərrüfatı işçiləri də onlara hər zaman göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, Daşkəsəndə aqrar sahənin inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi, rayonun kənd təsərrüfatı potensialının daha da gücləndirilməsi və məhsuldarlığın artırılması naminə bundan sonra da əzmlə çalışacaqlarını deyiblər.      

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər