Daşkəsəndə kənd təsərrüfatı heyvanları arasında identifikasiya işlərinin təşkili ilə bağlı maarifləndirici görüş keçirilib
Sentyabrın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Daşkəsən RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin və Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları, o cümlədən rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının sahibləri iştirak ediblər.
Tədbir Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması” Qaydalarında qeyd olunan müddəaların, habelə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın 8.5.3-cü – heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və 8.5.6-cı – iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədi daşıyıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vüqar Məmmədov çıxışında Prezident cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Proqramda kənd təsərrüfatında müasir və intensiv istehsal modelinə keçidin sürətləndirilməsi, məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılması, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirlər nəzərdə tutulub. Vüqar Məmmədov diqqətə çatdırıb ki, heyvanların identikləşdirilməsinin aparılması da bu xüsusda icrası vacib məsələlərdəndir. Belə ki, ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasının dövlət büdcəsinin vəsaiti hesabına aparılması, müvafiq məlumatların “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminə daxil edilməsi və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürülməsi nəzərdə tutulub. Daşkəsən rayonunda da identifikasiya işlərinin düzgün və vaxtında təşkili sahəsində işlər davam etdirilir.
AQTA-nın Gəncə-Daşkəsən regional bölməsinin rəis müavini Firdovsi Ələkbərov çıxışında kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin fermer təsərrüfatları və heyvan sağlamlığı baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, identikləşdirmə heyvanların qeydiyyata alınmasına, onların yerdəyişməsinin və sağlamlıq vəziyyətinin izlənilməsinə, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınmasına, eləcə də heyvan mənşəli məhsulların istehsaldan istehlakçıya qədər izlənilməsinə imkan verir. Heyvanların nişanlanması müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir və bu proses dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında aparılır. Heyvanların növündən asılı olaraq onların birka və ya mikroçiplə nişanlanır. Heyvanların satılması, təsərrüfatdan çıxarılması, itməsi, kəsilməsi və ya tələf olması hallarında bu barədə aidiyyəti üzrə məlumat verilir və sənədləşdirilir. İdentikləşdirmə fermerlərə heyvanlarının uçotunu düzgün aparmağa, onların sağlamlıq vəziyyətini izləməyə və təsərrüfatı daha səmərəli idarə etməyə imkan yaradır. Həmçinin bu sistem heyvan xəstəliklərinin yayılmasına operativ nəzarətin həyata keçirilməsinə, baytarlıq tədbirlərinin vaxtında görülməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. İdentikləşdirilməmiş heyvanlarla bağlı onların və heyvan mənşəli məhsulların dövriyyəsi, satışa çıxarılması, südün qəbul edilməsi, damazlıq fəaliyyəti və qanunvericiliklə nəzərdə tutulan müəyyən dövlət dəstəyi və güzəştlərindən yararlanma ilə bağlı məhdudiyyətlər yarana bilər. Bu baxımdan fermerlər heyvanların müəyyən edilmiş müddətdə nişanlanmasına, alqı-satqı və yerdəyişmə barədə aidiyyəti qurumlara vaxtında məlumat verilməsinə və tələb olunan sənədlərin rəsmiləşdirilməsinə diqqət yetirməlidirlər.
Görüşdə heyvanların kəsimi ilə bağlı məsələlərə də toxunulub. Qeyd edilib ki, heyvanların kəsimi baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə uyğun şəkildə, müəyyən edilmiş qaydalara riayət edilməklə həyata keçirilməlidir. Xüsusilə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması, heyvanların sağlamlıq vəziyyətinə nəzarət edilməsi və kəsim zamanı müvafiq baytarlıq tələblərinin gözlənilməsi həm heyvan sağlamlığının qorunması, həm də istehlakçıların təhlükəsiz və keyfiyyətli heyvan mənşəli məhsullarla təmin edilməsi baxımından vacibdir.
Tədbirdə heyvanların identikləşdirilməsi, nişanlanması, alqı-satqısı və yerdəyişməsi, habelə heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə bağlı maarifləndirici bukletlər paylanılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, təsərrüfat sahiblərinin identifikasiya və heyvan sağlamlığı ilə bağlı təklif və rəyləri dinlənilib. İştirakçıları maraqlandıran suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb və praktik məsələlərlə bağlı müvafiq izahatlar verilib.






